“Renessans Palace” Milli Ordumuza dəstək olaraq bayraqlara büründü!

02.10.2020
Paytaxtın Yasamal rayonunda yerləşən “Renessans Palace” premium yaşayış kompleksi Vətən müharibəsi günlərində Milli Ordumuza mənəvi dəstək olaraq bayraqlara büründü. Ölkədə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün “Renessans Palace” Azərbaycanın və müharibə vəziyyətində ona dəstək olan qardaş Türkiyənin, dost Pakistanın dövlət bayraqlarına sarıldı. Kompleksin hər bir binasının ayrı-ayrı mərtəbələrində Türkiyə və Pakistan bayraqlarının da dalğalanması ölkəmizə dəstək olan bu dövlətlərə dərin təşəkkür hissinin təcəssümüdür. 

Qeyd edək ki, Pakistan Müdafiə Nazirliyi bu gün öz rəsmi facebook səhifəsində “3 ölkə, 1 millət, birlikdəyik!” başlığı ilə “Renessans Palace”-dakı möhtəşəm bayraq nümayişi haqqında paylaşım edib. Ötən ilin sentyabr ayından yaşayışa tam təhvil verilən, “Renessans Palace” da hazırda 500-dən artıq sakin yaşayır. Kompleks özünün keyfiyyəti, 1,5 hektarlıq ən iri qapalı həyəti və ən iri parkinq sahəsilə seçilir.