6 oktyabrda Oman Sultanlığının paytaxtı Məskət şəhərində “Oman Urban Home and Building Expo, Urban October -2025” beynəlxalq sərgisi öz işinə başlayıb. Sərgi regionun aparıcı platformalarından biri sayılır və inşaat, tikinti texnologiyaları, yaşayış məkanlarının dizaynı və şəhərsalma inkişafına həsr olunub. Tədbir Oman Mənzil və Şəhərsalma nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. AS Group Şahin Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.
Tədbirə təntənəli açılış mərasimi ilə start verilib. Mərasim zamanı Mənzil və Şəhərsalma naziri cənab Doktor Xalfan bin Said əl Şueli və Ticarət, Sənaye və İnvestisiyaların Təşviqi Naziri cənab Qais Mohammed Al Yousefin iştirakı ilə əməkdaşlıq sazişləri və tender qaliblərinin təqdimatı keçirilib.
AS Group sərgidə aparıcı layihələrini təqdim edib, şirkətin yerli və xarici layihələrini sərgiləyib. Stenddə Ağalı Ağıllı kənd layihəsi, Tbilisi Park Bulvar Layihəsi, AS Group və Bİ Group şirkətlərinin birgə layihəsi 4You Baku, eləcə də Tunel Qəlib inşaat texnologiyası barədə məlumatlar təqdim edilib. Sərgi ziyarətçiləri nümayiş olunan layihələrlə yaxından tanış olub, onlara böyük maraq göstəriblər.
AS Group nümayəndə heyəti sərgidə təmsil olunan şirkətlərlə tanışlıq görüşləri keçirib, potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbir developer şirkətləri, memarlar, mühəndislər, podratçılar, təchizatçılar və dövlət nümayəndələrini bir araya gətirib. Sərginin ilk günündə “Davamlı və Dayanıqlı Şəhərlər” və “Şəhər Dəyişikliyi (Kimlik)” mövzularında iki panel sessiyası keçirilib.
Sərgidə Oman, Fars Körfəzi ölkələri və digər dövlətləri təmsil edən 9 ölkədən 140-a yaxın şirkət iştirak edir. Onların ekspozisiyalarında inşaat materialları və texnologiyaları, ağıllı və dayanıqlı yaşayış həlləri, interyer və dizayn yenilikləri, eləcə də “yaşıl” tikinti və şəhər infrastrukturu konsepsiyaları nümayiş etdirilib.
Qeyd edək ki, AS Group sərgidə iştirakçı kimi təmsil olunan yeganə Azərbaycan şirkətidir. Sərgi Oktyabrın 8 -nə qədər davam edəcəkdir.