AS QRUP-un Baş İnnovasiya və Enerji İnzibatçısı Ramiz Məmmədov “Alman-Azərbaycan Yaşıl Enerji Tranziti” adlı beynəlxalq əməkdaşlıq tədbirində çıxış edib.

15.09.2025
Alman-Azərbaycan Ticarət Palatası (AHK Azerbaijan) tərəfindən Bakıda təşkil edilən “Alman-Azərbaycan Yaşıl Enerji Tranziti” adlı beynəlxalq tədbir iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələsini nümayiş etdirib. 15 sentyabr 2025-ci ildə keçirilən tədbirdə dövlət qurumlarının, aparıcı enerji şirkətlərinin nümayəndələri iştirak edib. AS QRUP  şirkətini isə Baş İnnovasiya və Enerji İnzibatçısı, İdarə Heyətinin üzvü Ramiz Məmmədov təmsil edib.

Tədbirin açılışını AHK Azərbaycanın İcraçı Direktoru Nərgiz Viyek edib. O, çıxışında Almaniya və Azərbaycanın ortaq təşəbbüslərinin gələcəyin yaşıl enerji gündəmində strateji əhəmiyyətini vurğulayıb. Xüsusilə əməkdaşlığa yeni qatılan gənclərin rolu, onların bilik və təşəbbüslərinin tərəfdaşlığın davamlı inkişafı üçün açar olduğunu qeyd edib. Daha sonra söz Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Səməd Bəşirliyə verilib. Nazir müavini yaşıl enerji sahəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb və bu istiqamətdə qarşılıqlı layihələrin strateji əhəmiyyətini diqqətə çatdırıb.

Ramiz Məmmədov tədbirdə çıxışı zamanı “Ağıllı Kənd ‘Ağalı’ – Azərbaycan və Almaniyanın Davamlı Su Enerjisi üzrə Əməkdaşlığı” layihəsini təqdim edib. Onun sözlərinə görə, bu təşəbbüs sadəcə bir enerji layihəsi deyil, həm də iki ölkənin sinerjisini, qarşılıqlı gücünü və strateji baxışını birləşdirən nümunədir. Azərbaycan tərəfdən AS QRUP regionun inkişafı, məcburi köçkünlərin geri dönüşü və infrastrukturun yenidən qurulması istiqamətində güclü iradə ortaya qoyub. Almaniya tərəfdən isə 1938-ci ildən fəaliyyət göstərən Rehart GmbH şirkəti özünün uzunmüddətli mühəndislik təcrübəsini və texnoloji həllərini təqdim edib.

Layihənin mərkəzində Almaniyanın məşhur texnologiyası – Arximed vint turbinləri dayanır. Bu sistem qədim mexaniki prinsipi müasir innovasiyalarla birləşdirərək təmiz və dayanıqlı elektrik enerjisi istehsal edir. Ramiz Məmmədov çıxışında vurğuladı ki, turbinlərin üstünlükləri çoxşaxəlidir: yüksək səmərəliliklə su axınının 80 faizini elektrikə çevirir, ildə 8.000 saat fasiləsiz işləyərək etibarlı enerji təmin edir, 40 ildən artıq xidmət müddəti ilə uzunmüddətli dayanıqlılıq yaradır. Ən önəmlisi isə ekoloji harmoniyadır – balıqlar üçün tam təhlükəsizdir, suyun keyfiyyətini artırır, səssiz işləyərək Zəngilanın təbiətinə zərər vurmur.

“Ağalı Ağıllı Kənd” yalnız texniki nailiyyət deyil, həm də sosial və ekoloji vizionun gerçəkləşməsidir. Təmiz enerji sayəsində kənddə müasir evlər, təhsil və rəqəmsal infrastruktur, ağıllı su və kənd təsərrüfatı sistemləri fəaliyyət göstərəcək. Bu model göstərir ki, ənənəvi kənd həyatını müasir texnologiya ilə uzlaşdırmaq mümkündür və davamlı inkişaf regionun gələcəyi üçün real yoldur.

Məmmədovun sözlərinə görə, layihə Azərbaycan və Almaniyanın birgə yaratdığı uğurlu əməkdaşlıq nümunəsidir. Bu həm karbon emissiyalarının azaldılmasına, həm də enerji təhlükəsizliyinin güclənməsinə xidmət edir. Eyni zamanda, kəndin ilk sakinləri üçün yeni həyat şəraiti təmin etməklə sosial rifahı da yüksəldir.

Çıxışının yekununda Ramiz Məmmədov bildirib: “Biz yalnız elektrik stansiyası tikmirik. Biz gələcəyi işıqlandırırıq. Bu layihə beynəlxalq tərəfdaşlığın, ortaq baxışın və komplementar güclərin nələrə qadir olduğunu göstərir.”

Beləliklə, Ağalı “Ağıllı Kənd” layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region üçün dayanıqlı inkişafın yol xəritəsi kimi təqdim olunur. Azərbaycan-Almaniya əməkdaşlığı isə yaşıl enerji tranzitində gələcəyin daha güclü addımlarına zəmin yaradır.

Tədbir Azərbaycanın enerji transformasiyasında innovasiya, bərpaolunan mənbələr və səmərəliliyin artırılması ilə davamlı inkişafın təşviqi barədə çıxışlarla davam edib.