Ağdam, 7 may 2025-ci il – “AS Group” şirkətinin bir hissəsi olan “AS İstehsal Qarabağ” MMC-nin Ağdam Sənaye Parkında yerləşən xırdaqəlibli beton məmulatları zavodunun təqdimat mərasimi keçirilib.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “AS Group” şirkətinin təsisçisi Şahin Mövsümov, dövlət və özəl sektorun digər nümayəndələri iştirak ediblər.
Təqdimat zamanı qonaqlara zavodun istehsal gücü, texnoloji imkanları və ekoloji üstünlükləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müəssisədə döşəmə daşları, səki daşları, termobloklar, beton bloklar və tikinti bazarında yenilik hesab olunan müxtəlif ölçülü yüngül hörgü bloklarının istehsalı nəzərdə tutulur.
Zavodun istehsal xətti müasir Colormix texnologiyası ilə təchiz olunub ki, bu da məhsulların rəng çalarlarını daha estetik və gözoxşayan formada təqdim etməyə imkan verir. İstehsalatda tətbiq edilən innovativ yanaşmalar sayəsində zavod həm funksional, həm də vizual baxımdan yüksək keyfiyyətli məhsullar təqdim edəcək.
Ətraf mühitin mühafizəsi “AS İstehsal Qarabağ” MMC-nin əsas prioritetlərindən biridir. Bu məqsədlə zavodda tozun atmosferə yayılmasının qarşısını alan xüsusi filtr sistemləri quraşdırılıb və istehsalat prosesində heç bir zərərli kimyəvi maddələrdən istifadə edilməyəcəkdir.
Yeni müəssisənin istifadəyə verilməsi bölgədə sənaye potensialının gücləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.