Bakı, 2 iyun 2025-ci il – Azərbaycanın aparıcı şirkətlərindən biri olan “AS Group” Mərkəzi Asiyanın ən böyük tikinti-investisiya holdinqlərindən sayılan Qazaxıstanın “BI Group” Holdinqi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Tərəfdaşlığın ilk layihəsi olaraq, Bakının mərkəzində – Tbilisi prospektində yerləşəcək “4You Baku” adlı premium yaşayış kompleksinin tikintisinə start veriləcək. 1 hektarlıq ərazidə inşa olunacaq layihə, məhdud sayda eksklüziv mənzillər və üstün yaşam şəraiti ilə fərqlənəcək. Dəniz mənzərəli şəxsi hovuz, geniş terras və barbekyu zonası olan penthauslar layihənin lüks və orijinal xarakterini önə çıxaracaq.
Tərəfdaşlıq çərçivəsində “AS Group” və “BI Group” təkcə bu layihə ilə kifayətlənməyərək, gələcəkdə də tikinti və daşınmaz əmlakın inkişafı sahəsində birgə əməkdaşlıq etməyi planlaşdırırlar. Şirkətlər güclərini birləşdirərək ölkəmizə yeni və keyfiyyətli urbanistik həllər qazandırmaq niyyətindədirlər.
“BI Group” 1998-ci ildən fəaliyyət göstərir və bu gün Mərkəzi Asiyanın ən nüfuzlu developer şirkətlərindən biri kimi tanınır. Holdinq tərkibinə “BI Development”, “BI Construction & Engineering” və “BI Education” kimi ixtisaslaşmış qurumlar daxildir. Şirkət ildə 1,5 milyon kvadratmetrlik tikinti sahəsini əhatə edən layihələr həyata keçirməklə yanaşı, dünyanın aparıcı maliyyə institutları ilə də fəal əməkdaşlıq edir.
“AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasında da mühüm töhfələr verir.