“Oman Urban Home and Building Expo, Urban October-2025” beynəlxalq sərgisi çərçivəsində AS Group şirkətinin stendini Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad İsmayılov ziyarət edib.
Şirkət nümayəndələri səfirə AS Group-un gördüyü işlər və yeni tərəfdaşlıq layihələri barədə təqdimat təqdim ediblər. Stenddə Ağalı Ağıllı Kənd Layihəsi, Tbilisi Park Bulvar Layihəsi, AS Group və BI Group şirkətlərinin birgə əməkdaşlığı olan 4You Baku layihəsi, eləcə də Tunel Qəlib inşaat texnologiyası barədə məlumatlar nümayiş olunub.
Təqdim olunan layihələr səfirin böyük marağına səbəb olub. Cənab Rəşad İsmayılov şirkət nümayəndələrinə sərgidə iştirakın vacibliyini vurğulayaraq, gələcək əməkdaşlıqlar üçün mövcud potensial imkanlara diqqət çəkib.
Oman Urban Home and Building Expo, Urban October-2025 sərgisi 6 -8 oktyabr tarixində Oman Sultanlığının paytaxtı Məskət şəhərində keçirilir. Sərgi regionun aparıcı platformalarından biri sayılır və inşaat, tikinti texnologiyaları, yaşayış məkanlarının dizaynı və şəhərsalma inkişafına həsr olunub. Tədbir Oman Mənzil və Şəhərsalma Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.