AS Group-un təsisçisi cənab Şahin Mövsümovun rəhbərliyi ilə Omanda səfərdə olan şirkətin nümayəndə heyəti 7 oktyabrda Oman İnvestisiya Bankının Baş direktoru cənab Mohammed Al-Habsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Oman İnvestisiya Bankının nümayəndələri qonaqlar üçün Oman haqqında təqdimat keçiriblər. Təqdimat zamanı sultanlığın makroiqtisadi göstəriciləri, son illərdəki iqtisadi və demoqrafik inkişafı, eləcə də digər Körfəz ölkələri ilə oxşar və fərqli cəhətləri barədə məlumat verilib. Bundan əlavə, dövlət-özəl tərəfdaşlıq modellərinin tətbiqi və birgə maliyyə mexanizmləri müzakirə olunub. Görüş iştirakçılarına həmçinin Oman daşınmaz əmlak bazarının ümumi vəziyyəti barədə məlumat çatdırılıb.
AS Group rəhbərliyi öz növbəsində şirkətlər qrupunun həyata keçirdiyi layihələr, fəaliyyət istiqamətləri və coğrafi əhatə dairəsi haqqında ətraflı məlumat verib. Oman daşınmaz əmlak bazarının potensialı və mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad İsmayılovun təşəbbüsü və iştirakı ilə baş tutub.