AS Group nümayəndə heyəti Azərbaycanın Oman Sultanlığındakı səfirliyində olub

09.10.2025
6–8 oktyabr tarixlərində “Oman Urban Home and Building Expo, Urban October 2025” sərgisində iştirak edən AS Group şirkətinin nümayəndə heyəti səfər çərçivəsində 9 oktyabrda Azərbaycanın Oman Sultanlığındakı səfirliyini ziyarət edib. 

Səfər zamanı nümayəndə heyəti Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad İsmayılov ilə görüş keçirib. Görüşdə səfir qonaqlara akkreditə olunduğu ölkə, səfirliyin fəaliyyəti və qarşılıqlı əməkdaşlıq imkanları barədə məlumat verib.

Görüş zamanı “AS Group” şirkətinin nümayəndələri şirkətin həyata keçirdiyi iri miqyaslı layihələr, son illərdə ölkə daxilində və xaricdə inşaat sektorunda əldə etdiyi nailiyyətlər, eləcə də Azərbaycan–Oman iqtisadi əlaqələrinin inkişaf perspektivləri barədə səfirə məlumat veriblər.

Səfir cənab Rəşad İsmayılov qeyd edib ki, inşaat, logistika və kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin beynəlxalq sərgilərdə təmsil olunması böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “AS Group” sərgidə iştirakı ilə Azərbaycanın innovativ tikinti texnologiyalarının və müasir şəhərsalma təcrübələrinin nümayişinə mühüm töhfə verib.

Öz növbəsində AS Group nümayəndələri bildiriblər ki, sərgi iştirakçıları Azərbaycan şirkəti olaraq stendimizə və inşaat layihələrimizə böyük maraq göstəriblər. Bu isə öz növbəsində ölkəmizə olan diqqət və marağın artdığını göstərir.

Qeyd olunub ki, AS Group son illərdə həm Azərbaycanda, həm də xarici ölkələrdə bir sıra iri inşaat və sənaye infrastruktur layihələrini uğurla həyata keçirib.