“AS Group İnvestment” MMC Vətən Müharibəsi şəhidinin ailəsinə 3 otaqlı mənzil hədiyyə etdi

12.03.2021
 
“AS Group İnvestment” MMC Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan çavuş Niyazi İsgəndərovun Mingəçevir şəhərində yaşayan ailəsinə Park Residence Yaşayış binasından sahəsi 96 kvadrat metr olan 3 otaqlı mənzil hədiyyə edib. Şirkətin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri 10 mart 2021-ci il tarixində şəhidin Mingəçevir şəhərində, yataqxanada yaşayan ailəsilə görüşərək onlara mənzil sənədlərini təqdim ediblər. “AS Group İnvestment” uzun illər evsizlik və şəraitsizlikdən əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazimi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb.   
 
Şəhid çavuş Niyazi İsgəndərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə fərqlənir. O, Talış kənd istiqamətində gedən şiddətli döyşlərdə 8 yaralı əsgərini döyüş meydanından çıxarır. Özü snayper gülləsilə qaraciyər və böyrək nahiyyəsindən yara alır. 
 
Bədənində 50-yə yaxın qəlpə gəzdirən Niyazi İsgəndərov qazi olmasına baxmayaraq Vətən Müharibəsi başladığı gündən döyüşlərə qatılır. Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə yenə də yaralı yoldaşlarını silahdaşlarını xilas edir. Bu dəfə ağır yaralandığından Şəmkirdəki hərbi hospitala, oradan Mingəçevir xəstəxanasına göndərilir. Yaralandığını ailəsindən də gizlədərək xəstəxanadakı həkimlərə döyüş yoldaşlarının yanına qayıtmaq istədiyini deyir. Tibb bacılarından ona 4 ağrıkəsici vurmalarını xahiş edir və elə həmin gecə xəstəxanadan qaçaraq döyüş bölgəsinə qayıdır. Yenidən Suqovuşan və Laçın istiqamətində döyüşlərə qatılır və oktyabrın 5-də Suqovuşanda ağır yaralanaraq şəhid olur.   
 
2004-cü ildə kimsəsizlər evində böyüyən Könül xanımla ailə quran Niyazi Mingəçevirdəki yataqxanaların birində 1 otaqlı (12 kvadratmetrlik) mənzil alır. Könül xanım kimsəsiz böyüsə də, yoldaşının ona həm atanı, həm ananı əvəz etdiyini deyir. Hər iki gözünün görmə qabiliyyətinin hər gün daha çox zəifləməsindən əziyyət çəkən Könül İsgəndərova əslində Niyazilə birgə təkcə bir həyat yoldaşını yox, dostunu, sirdaşını, həyatdakı dayağını itirmiş kimidir.        
 
Ağır məişət həyatı, ehtiyac və çətinliklərə baxmayaraq vətən sevgisi, dövlətə sədaqət hissi Niyazi İsgəndərovu hər zaman torpqalarımızın azadlığı uğrunda gedən mübarilələrdə ön cəbhədə edib. Həyat yoldaşı deyir ki, Niyazinin ən böyük arzusu Vətən uğrunda şəhid olmaq idi. O, evində qoruduğu Azərbaycan bayrağının bir gün onun üstünü örtəcəyinə əmin idi.