AS Group beynəlxalq “Tbilisi Silk Road Forum”da iştirak edib

23.10.2025
22–23 oktyabr 2025-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə 5-ci beynəlxalq “Tbilisi Silk Road Forum” keçirilib. Tədbirdə 60-dan çox ölkədən hökumət başçıları, nazirlər, qlobal şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatlar və fikir liderləri daxil olmaqla 2,000-dən çox nümayəndə iştirak edib.

Forumda AS Group-u Baş İnnovasiya və Enerji İnzibatçısı Ramiz Məmmədov təmsil edib. Tədbir iştirakçıları qlobal ticarət, dayanıqlı infrastruktur, rəqəmsal transformasiya və İpək Yolu regionunda əlaqələrin gücləndirilməsi mövzularında fikir mübadiləsi aparıblar.

Forumun ilk günündə keçirilən açılış paneli – Yüksək Səviyyəli Dialoq sessiyasında əməkdaşlıq, innovasiya və sərmayə imkanları müzakirə olunub. Ramiz Məmmədov energetika və rəqəmsal mövzulara həsr olunmuş panelləri izləyib. Yerli media qurumlarına verdiyi müsahibədə o bildirib ki, AS Group 2011-ci ildən etibarən əvvəlcə inşaat və inkişaf sahəsində, hazırda isə enerji və rəqəmsal biznes, o cümlədən data mərkəzləri istiqamətində Gürcüstanda fəaliyyət göstərir.

Ramiz Məmmədov əlavə edib ki, keçirilən forum region ölkələrinin əməkdaşlığını nümayiş etdirmək baxımından çox önəmlidir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında strateji və davamlı tərəfdaşlıq mövcuddur və bu əlaqələrin möhkəmlənməsi AS Group üçün xüsusi əhəmiyyət daşıyır, çünki şirkət Gürcüstanda fəaliyyətini genişləndirməkdədir.  

Forum çərçivəsində bir sıra mühüm mövzular üzrə paralel panel müzakirələri təşkil olunub. Tədbirin ikinci günü isə biznes görüşləri və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinə yönəlmiş sessiyalarla davam edib.