“AS İnşaat” MMC “Suveren Azərbaycan – Biznesdə yeni cığır” konfransında təmsil olunub.

24.12.2025
24 dekabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə “Suveren Azərbaycan – biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib. Tədbir suverenliyin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə yaranan yeni biznes, investisiya və bərpa imkanlarının müzakirəsi məqsədi daşıyıb.

Konfransın açılışında Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının yeni mərhələsi, regionda formalaşan biznes mühiti və sahibkarlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Konfrans çərçivəsində keçirilən ilk panel müzakirəsi işğaldan azad edilmiş ərazilərdə yeni biznes və investisiya imkanlarına həsr olunub. Paneldə dövlət qurumları və özəl sektor nümayəndələri iqtisadi zonalar, maliyyə mexanizmləri və aqrar-sənaye layihələri üzrə mövcud potensialı müzakirə ediblər.

Daha sonra baş tutan ikinci panel Qarabağın yenidən qurulması və sosial yönümlü layihələrə fokuslanıb. Paneldə çıxış edən “AS Group”un törəmə şirkəti olan “AS İnşaat” MMC-nin Baş direktorunun müavini Rəşad Mehdiyev, Qarabağ bölgəsində ilk “ağıllı kənd” olaraq inşa edilən Ağalı  kəndi barədə ətraflı məlumat verib. O, mühəndis-texniki yanaşmalar, müasir infrastruktur həlləri və layihələrin sosial-iqtisadi təsiri barədə danışaraq, bərpa prosesinin yalnız fiziki quruculuq deyil, həm də davamlı yaşayış və iqtisadi aktivliyin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb. Rəşad Mehdiyev qeyd edib ki, “AS İnşaat” MMC-nin icra etdiyi layihələrdə keyfiyyət, dayanıqlılıq və yerli əhalinin rifahına töhfə əsas prioritetlərdəndir.

Panel müzakirələrində, həmçinin Qarabağda sosial infrastrukturun bərpası, məşğulluğun artırılması və özəl sektorun bu prosesdə rolu ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr sual-cavab sessiyası və iştirakçılara təşəkkürnamələrin təqdimatı ilə yekunlaşıb.

Konfransın sonunda şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xorunun ifası təqdim olunub, xor üzvlərinə xatirə hədiyyələri verilib.